
Bərəkət düşbərələri
Ölkəmizdə apardığımız uzun illik xeyirxahlıq yarışında əsas məqsədimiz bu yarışa qoşulan insanlara yaxşılıq etməyi asanlaşdırmaq və milli ənənələrimizə söykənən layihələr həyata keçirərək sadəcə ziyalı təbəqədən olan insanları deyil, evdar və sadə qadınları da böyük missiyamızda yoldaş etmək idi.
Bərəkət düşbərələri layihəmiz yalnız gəlir mənbəyi hədəfi olaraq deyil, insanların cəm olub bərabər fəaliyyət göstərərək real sosial sahibkarlıq missiyasını yerinə yetirməsi ilə fərqlənir. Beləliklə, layihə sosial sahibkarlıq hədəfini ilk mərhələsindən (insanları bir araya cəm etmək), son mərhələsinə qədər (satış həyata keçirməklə gəlir əldə etmək) kimi müvəffəqiyyətlə həyata keçirir. Bərəkət düşbərələri bükümü layihəsi təhsil, sosial güc, fiziki və əqli bacarığından asılı olmadan bütün qadınları eyni masa arxasında sevgi və şəfqətlə bir araya gətirən layihələrimizdəndir. Ölkəmizin, xüsusilə, Bakımızın sevimli milli yeməklərindən olan düşbərə ilə neçə atası dünyasını dəyişmiş uşaq təhsil aldı, neçə dul qadın ayağa qalxdı, necə dəyişikliklər yarandı!
Sosial problemlərə dəstək məqsədi ilə filantrop xanımlarla başlayan “Bərəkət düşbərələri” layihəmiz hazırda bir zamanlar dəstək alan analarımız tərəfindən də icra olunur. Bu layihə ilə maddi və mənəvi faydalanan əmanət analarımız indi özləri sosial problemlərin həllində dəstəkçiyə çevrilərək, “dirçəldərək dirçələcəyik” şüarı ilə aktiv altruistlərə çevrilmişlər.