
Mənəvi dəyərlər
Sosial məsuliyyət
İnsan sosial varlıqdır. Tənhalığa üstünlük verən, eqosunu tətmin etmək üçün yaşayan insan cəmiyyət içində xoşbəxtlik duyğusunu yaşaya bilməz. Məsuliyyət hissi isə insanın ali varlıq olmasının göstəricisidir. Vicdanı, ailəsi, ətrafı, cəmiyyət qarşısında məsuliyyəti olmayan insan cəmiyyətin dirçəldilməsində, maarifləndirilməsində iştirak edə və öz həyat yolunu kəşf edə bilməz. İnsanın ən böyük ehtiyacı faydalı, gərəkli olmasıdır. İnsanı xoşbəxt edən məsuliyyət duyğusu da faydalı, gərəkli olmaq, anlayış göstərmək kimi həyati əhəmiyyətli hisslərlə yoğrulmuşdur.
Fədakarlıq
İnsanın təmənnasız və əvəzsiz fəaliyyətidir. Maddi ya mənəvi istiqamətdə görülən hər hansı bir iş və ya vəzifə borcu, ya da insanlıq borcu olsun, heç bir qarşılıq gözlənilmədən icra olunması fədakarlıqdır. Fədai insan öz mənafeyini şəxsi istək və maraqlarını, karyera və ya nüfuzunu düşünməz, o, başqalarının rifanı, doğru düşünməyini, öz nəfsani dəyərlərindən üstün tutur. Onun məqsəd və hədəfləri vardır. İstər elmindən pay verməkdə, istər maddi qazancından bölüşməkdə belə səxavətlidir. Səxavətli insan da fədakardır, övladının maraqları, istəyini öz maraqlarına üstün tutan ana fədakarlıq rəmzidir.
Tənqidi təfəkkür, yanaşma
Yaradıcı təfəkkür ilə insanın qarşısına qoyduğu vizyona müvəffəq ola bilməsi üçün insan məqsədlər və onlara yönəldən hədəflər təyin etməlidir. Bunun üçün isə ta niyyətdən başlayaraq hər məqsədi və hədəfi suallarla sorğulamaq və doğru istiqaməti təsbit etmək lazımdır. Tənqidi düşüncə və ya sorğulayıcı düşüncə əslində düşüncənin və ya təfəkkürün inkişafına, təkamülünə yönəlmiş kamil düşüncə formasıdır. Tənqidi düşüncə nəticəyə yönəlmişdir. Hədəf və ya məqsədə çatmaq üçün vizyona gedən həqiqi yolu təsbit edib yol xəritəsində doğru dəyərləndirmələr edə bilmək üçün sorğulayıcı düşüncə lazımdır. Tənqidi düşüncə arıtlayıcıdır, lazım olanı və olmayanı arıtlamaq gərəkir. Tənqidi düşüncə tərzi həqiqəti axtarır, fərqli yanaşmaları dəyərləndirərək həqiqəti tapmaq adına suallar verməyi, öz səhvlərini görə bilməyi, problemlərin həllinə yönəlik, təhlükə və risklərin aradan qaldırılması üçün ağıl işlədir, elmi məntiqə dayanan, zaman qrafikinə və ya zaman planlamasına uyğun qərar verməyə təsir edir.
Sual verməyi yaradıcı və tənqidi təfəkkürün ən hərəkətverici qüvvəsi olmaqla bərabər, həm də zəmini hesab etmək olar.
İnnovativlik
Vərdiş şəklində reallaşan hər hansı əməl və ya hərəkət duyğu və dəyərlərə neqativ təsir göstərir. Yeniliyə açıq olmaq diri və oyaq duyğulara sahib olmaq deməkdir. Vərdişlər insanın düşünmək mədəniyyəti, inkişaf və tərəqqisi arasında maneədir. Düşünmək, təfəkkür etmək istedadı ilə digər canlılardan fərqlənən insanın da insanlıq dəyəri təfəkkür meyarları ilə təsdiqlənir. İnnovativ, yeniliyə açıq olan insan yaş baryeri olmadan məsələlərə təfəkkür, analiz etmə, məntiqi baxış bucağı ilə yanaşır.
Əzmkarlıq
Məqsədə və hədəfə yönələn istiqamətdə mütləq maneə və sıxıntı, problem və müəmma qarşıya çıxacaq. Problemlər fürsətdir, əzmkarlıq kimi mənəvi dəyərin, fərdi keyfiyyətin üzə çıxması, formalaşması üçün. Əzmkarlıq məqsəd bağlılığı və hədəflərə çatmaq üçün əminliyi tələb edir.
Yaradıcı təfəkkür
Gələcəyi yenidən inşa və imar etmək üçün insan ona lütf edilən düşüncəni inkişaf etdirməli və ya düşünmək qabiliyyətini diriltməlidir. Düşüncə fərddən cəmiyyətə, cəmiyyətdən insanlığa qədər təşəkkül edərək varlığına uyğun şəkil almalıdır.
İnsanları fərqləndirən düşüncə fərqliliyidir. Fərqli düşünən fərqli görə bilir. Bunun üçün doğru təfəkkür etməyi öyrənmək lazım, bundan da əvvəl, sağlam müşahidə tələb olunur. Əslində suallar, yaradıcı baxış bucağı insanın qəlbində suallar doğurur. Beləliklə, yaradıcı düşüncə və ya yaradıcı təfəkkür insanın mahiyyətini ortaya çıxarmaqla bərabər, gələcəyinin təminatçısıdır. Məqsəd və hədəflər və onlara gedən yolda təhlükə və risklər və onlara rəğmən alternativ həll yolları məhz yaradıcı təfəkkürlə müəyyən olunur, tərtiblənir. Yaradıcı düşüncə, təfəkkür insanları fərqləndirən, məxsusilik qatan dəyərdir. Yaradıcı təfəkkürü inkişaf etdirmək üçün sual mədəniyyəti inkişaf etməlidir.
Sədaqət
İnsanlar bərabər fəaliyyət göstərmədən öncə ortaq dəyər və məqsədlər ətrafında birləşərkən qarşılıqlı əhd və bağlar üzərində rabitə qururlar. Sədaqət vəfa və güvən duyğularının təzahürüdür.
Risk almağa cəsarət
Yeniliyə açıq şəxsiyyət cəmiyyətin dirçəlməsi və təkamülü istiqamətində fədai olaraq əhəmiyyətli çəkiyə sahib olur. Vərdişlərlə formalaşan, təfəkkür və məntiqi yanaşmadan uzaq düşüncəyə sahib insanı, əlbəttə, qorxuları idarə edir. Qorxularına məğlub olan insan yeniliyin gətirə biləcəyi naməlumluqdan təşviş keçirir və risk almaqdan çəkinir.
Risk almağa cəsarəti olan insanın ali məqsəd və dəyərləri olduğu üçün qurban və ya fədai olmaqdan çəkinmir. İstər biznes sahəsində, istər kommunikasiya, istənilən strateji planlamada risk almağa cəsarəti olan insan problemləri, maneələri fürsət görür.
Problem varsa yenilik var, sosial məsuliyyət var. Problemdən qorxmayan, onun mütləqiyyətini anlayan yeni, alternativ həll yolları axtardığı üçün risk almağa cəsarətlidir.