
Könül İbrahimova











Könül İbrahimova “Mülk” sosial sahibkarlıq mağazasının Suraxanı filialının rəhbəri
Mən Könül İbrahimova. 39 yaşım var. Müsəlmanam. Bakı şəhərində anadan olmuşam. 2 uşaq anasıyam. Oğlum Həmidin 18, qızım Aydanın 16 yaşı var. 2011-ci ildə həyat yoldaşım dünyasını dəyişib. 2015- ci ildən “Cığır” MDİD İB-nin himayəsindəyik. “Cığır” İctimai Birliyi mənə və övladlarıma dəyəri aşıladı. Sevgi, qayğı, diqqət, başqasına faydalı olmaq kimi xüsusiyyətləri ailə olaraq içimizdə oyatdı. Bu cür dəyərləri gördükdən sonra bunu ona ən gözəl şəkildə geri qaytarmaq zamanı idi. Artıq 2 ildir ki, “Cığır” İctimai Birliyinin “Mülk” xeyriyyə mağazasında sosial sahibkar olaraq iş fəaliyyətinə başlamışam. Bu işdə mənə yaxşılığı sevən hər kəs yardım edir. “Mülk” mağazası özümü kəşf etmək və tapmaq üçün yardım etdi. Sosial sahibkar olmaq məni əminsizlik, zəiflik, dəyərsizlik duyğularından qurtardı. Hər gün bir az daha yaxşı hiss edirdim özümü. Mənə elə gəlirdi ki, dünyaya yenicə və başqalarına faydalı olmaq üçün gəlmişəm. “Mülk” mağazasında sosial sahibkar olmaq hər gün yeni insanlarla ünsiyyət qurmaq, onların istəklərini yerinə yetirmək, təbəssüm etmək demək idi. Çin atalar sözündə belə deyilir: “Gülər üzü olmayan mağaza açmasın...” Ticarətlə məşğul olan səhabəmiz isə belə deyirdi: “Mənim ticarətdəki uğurum və davamlılığım hər müştərinin istəyini nəzərə almağım idi”. Sosial sahibkarlıqda bu iki məsələ çox önəmlidir. Hər gün bunları etməyə çalışırdım və edirəm. Sosial sahibkarlıq mənəvi dəyərdir. Sosial sahibkarlıq sosial problemlərin qısa müddətli deyil, uzun müddətli həll yollarını tapmaqdır və davamlılıqdır. Biz komanda şəklində çalışırıq. Hər həftə fərqli insanların eyni məqsəd üçün gəlməsi çox sevindirici haldır. Cəmiyyətdəki həssas qrupa yardım etmək komandamızı çox sevindirir. Faydalı olmaq duyğusu bizə hər dəfə yeni ilham verir. “Mülk” mağazasında çalışmaq mənə və komandama yeniliklər öyrədir, gələn hər fürsəti dəyərləndirməyə çalışırıq. Mağazamızda davamlı nizamın olması və gəlirin artması üçün tarixi bitməyə az qalan məhsulları həmən dəyərləndiririk. Ev üsulu yeməklər, şirniyyatlar hazırlayır və satırıq. Müştəri ev üsulu hazırlanan məhsulları çox sevir. Bu həm də “Mülk” mağazasının balaca məhəllədə tanınmasıdır. “Mülk”ə digər dəstəyimizi bütün qışı xəmir yeməkləri olan gürzə, xəngəl, düşbərə hazırlamaqla etdik. Bu işdən hər birimiz zövq alırdıq. Xəmir yeməkləri hazırladığımız əsnada xanımlar birbirilə tanış olurdular və problemlərinin həll olmasında yardım edirdilər. “Mülk” mağazasını daha geniş kütləyə tanıtmalı idim, bunun üçün küçə satışları edirdim, məhsullardan məktəblərə və klinikalara aparırdım. İnsanlar məhsullardan aldıqca sevinirdim. Çünki onlar xoşbəxt olurdular. İnsanları çox sevirəm, dəyər verirəm. Bəlkə, buna görə sosial sahibkarlıq qəlbimə bu qədər yaxındır. Hər səhər yuxudan oyananda "Bu gün daha nə yenilik edə bilərik"- deyə düşünürəm, "Kimin həyatına “Mülk”dən cığır aça bilərəm?" Mən artıq həyatdayam... Ayaqdayam... Yeni cığır açmışam... “Mülk” mağazasında yıxılmış bir qadın ayağa qalxır... “Mülk” yaşamağa səbəblərimizin olduğu möhtəşəm məkandır. “Mülk” hər gün ay kimi dəyişməyimiz, yenilənməyimizdir. Gələcəkdə yeni-yeni “Mülk” mağazalarının olması vizyonumdur. Görmək istədiyim, cəmiyyətimizdə həssas qrupun ayağa qalxmasıdır. Dirçəldərək, dirçələcəyik... Təşəkkürlər, “Cığır” ailəm!