top of page
bandicam 2022-11-09 19-05-50-975.jpg

Nərmin Əliyeva

DSC01061_edited.jpg

Nərmin Əliyeva “Perspektiv” eko çantaları sosial sahibkarlıq layihəsində könüllü

 

Salam hər kəsə! Sizi öz hekayəm ilə tanış etmək istəyirəm. Mən “Cığır” İctimai Birliyinin könüllü rəssamı Nərmin. Sizə hər şeyi ən başdan danışacağam. “Cığır” Ramazan və Qurban bayramlarında himayəyə götürdüyü əmanətlərlə bərabər tədbirlər təşkil edirdi. Balaca qardaşım da o əmanətlərdən biri olduğu üçün bizi də dəvət edirdilər. Bir gün yenə Ramazan bayramında qardaşım, anam və mən bu tədbirlərdən birinə qatılmışdıq. Əmanətlər və könüllülər ayrı bir otağa yığışıb bərabər oyunlar oynayır, sosiallaşıb əylənirdilər. Mən çox sosiallaşmağı sevmədiyim üçün kənarda oturub ətrafı müşahidə edirdi: könüllülərin göstərdiyi sevgi, qayğı, uşaqların üzündəki təbəssüm. Aralarında sosiallaşmaqdan qaçan, lakin könüllülərdən aldığı sevgi ilə üzündəki təbəssümü gizlətməyi bacarmayanları var idi eynilə mənim kimi. Sadəcə kənarda oturub izləyərək bu qədər xoşbəxt ola bilirdimsə, kim bilir onlar necə xoşbəxt idi ki, üzlərindəki təbəssüm mənim qaranlığıma işıq olmuşdu. Hər tədbirdə bunları görəndə düşünürdüm ki, onlar bacarırsa mən də bacararam. Axı mənim də içimdə sevgi var. Niyə bölüşməyim? Hər tədbir sonrası evə bu düşüncələr ilə gedirdim. Lakin bu səfər fərqli idi. Mən də onlardan biri olmaq istəyirdim. Amma necə? Həmin gün könüllülərin arasından bir qız süfrədə mənim ilə bərabər oturdu. Bərabər söhbətlər etdik. O mənə: “Onların ailəsinə qatılmağımı istədiklərini”,-dedi. Mən də onlara yardım edəcəyimi düşünərək rəsm bacarığımın olduğunu dedim. Onlar məni “Eko çanta” layihəsi ilə tanış etdilər. İlk dəfə eko çanta üzərində rəsmlər işləməyə başlamışdım. Qorxmurdum, çünki həm bacarığıma güvənirdim, həm də onların mənim özgüvənimi qırmayacağına əmin idim. Bəli, işimi də, ruhumu da bəyənmişdilər. Əl işimi bəyənəcəklərinə əmin idim. Lakin ruhumu… Daha çox ilhamlanmışdım. Üzərində işlədiyim hər çantanın bəyənilib alındığını görmək məni xoşbəxt edirdi. Sən demə, mən onlardan çox özümə yardım edirmişəm. Sən demə, mən də onlardan biri imişəm. İnsan gərək yararlı olsun. Olsun ki, xoşbəxt etməyi də, xoşbəxt olmağı da bacarsın. Onların dillərində əzbər olan bir söz var. Hansı ki, bu sözdən ilham alaraq yola çıxmışdılar: kim xeyirli bir cığır açarsa, o xeyirdən ona da pay vardır.

bottom of page