
Nurlana İsmayılova





















Nurlana İsmayılova "Fidan" tələbə qızlar yurdu sosial sahibkarlıq layihəsində məsul icraçı
Bismillah. Balaca bir qız xəyal edin. Görə bildiyi hər şeyin içində nəsə axtaran bir qız... Həyat hadisələri, ətrafındakı insanlar, gecələr, səmadakı ay ona düşünməyi öyrədirdi.
Hər gecə Ayla söhbət edirdi. Aya qonaq gedirdi. Axtarırdı bu balaca qız... Nə isə axtarırdı, amma axtardığının nə olduğunu özü də hələ bilmirdi. "Qəlb" deyilən sirli evində nəyinsə olduğunu hiss edirdi. Orda bir Səs onunla hey danışırdı. O Səslə ünsiyyət edə biləndə balaca qız qəlbində bir işıq yandığını duyurdu. O Səslə hər gecə Aya müsafir olub fərqli nurla dönürdülər.
Axtarış haraylı bu qızcığaz birini xoşbəxt edəndə xoşbəxt olurdu, anlamadığı duyğular onu sarırdı. Hər gün bir buğda dənəsi böyüyərək xəyallar dünyasının qapıları olduğunu aram-aram hiss etməyə başlamışdı. Hərfləri öyrənib söz oxuya bildiyi gündən ilk oxuduğu kəlmələrin bir ömür boyu möhtaclığının Nur qaynağı olduğuna zaman-zaman şahid olacaqdı. Axtarışları balaca qızı çox qapılardan keçirdib daha bir qapının önünə gətirmişdi. Daxil olduğu qapının daxilindəkilərini müşahidə edirdi. Axtarış harayında olduğu Səsi qəlbi tanımağa, hiss etməyə başlamışdı. Bu qapıdan içəridə Səs var idi. Sözlər divarlara dəyib qayıtmırdı. Sözlər Səsi doğurub dalğa-dalğa əngin sonsuzluğa yayırdı.
O qapının adı "Cığır" idi. Bir söz...- "Cığır"... İçində ehtiva etdiyi dəyərlərlə söz yolçuluğuna çıxanların "Cığır"ı... Hər dəyər bütöv Nurun yanmasına doğru gedən yolda kiçik bir mayak idi. Hər Söz toxunuşundan doğan oyanış zərrələrin var oluşuna heyran edirdi. "Cığır" insan sevgisinə dəyər verənlərin yolçuluğudur. İnsan sevə bilmək sənətinin ilmələri toxunur hər gün bir sözlə, bir əmələ, niyyətlə... Toplumun rifahı və dirilişinə dəstək olmaq insandan sosial məsuliyyət tələb edir, əzm sahibi insanlar sosial təşəbbüslərinin həyata keçməsi istiqamətində elastik düşüncəyə sahib olmaqla yanaşı mənəvi dəyərlərin yaratdığı zəmin üzərində qazanılmış əminliklə sosial dəyəri idrak edərək cəmiyyətin inkişafına dəstək ola biləcək. Sosial insan ola bilmək sevgi ilə cəm ola bilməkmiş. Hər insanın içində bir axtarış harayının var olduğunu hiss edə bilməkmiş. "Cığır" bir yolçuluğa başlamışdı. Mənəvi dəyərlərin doğurduğu ehtiyacdan yaranan axtarış, dəyişim, yenilik, özünüifadə kimi düşüncə və duyğularla axtarışa çıxan insanlara ümid adına bir yolçuluq idi bu.. Ümidlərin yenidən çiçək açmasına inanaraq cəmiyyətə xitab edirdi, dirçəldərək dirçəlmək istəyənlər. Bu qapıya qədəm qoyan hər kəs illərin ötəsindən xəyallar qurduğu uşaqlığı ilə yenidən görüşürdü. Uzaqlarda tək qoyduğu uşaqlığının əlindən tutub xəyallarına sadiq olmağa niyyətlənirdi. Hər şeyin Sahibi Olanın yaratdığı dəyərlərə sahib çıxa bilmək yükünü daşımağa niyyətlənənlər millətinin dərdinə şərik ola bilmək üçün yola çıxmışdılar. Problemi görə bilən onu həll edəndir– düşüncəsi ilə Dövlətin yanında olub güclü dövlətçiliyə zərrə dəstək olmaq, problemləri ticarət yolu ilə həll etmək, mənəvi dəyərlərin inkişafı və biznesdə müvəffəqiyyət cəhdləri birləşirdi. Sevə bilən insan sosial şəxsiyyətə dönüşə bilir. Öz qüsurlarının üzərindən düşünməyə çalışır, islahatı dəyişim yaratma istəyinə bağ olur, formalaşan fərdi kimlik məsuliyyət hissi ilə sosial məsuliyyət formalaşır. "Cığır" axtarışlarıma cavabı qəlbimdə hiss etdirəcək yolçuluğa səfərim oldu. Uzaqlardan baxan balaca qızcığazın əlindən tutub xəyallarıma sadiq qalmalı olduğumu xatırlatdı. Salam olsun hər gün birilərinə xəyalındakı uşağın əlindən tutub geri dönüş etməsinə vəsilə olan hər sosial insanın üzərinə!