
Nüşabə Hüseynova



















































Nüşabə Hüseynova "Amber soap" sosial sahibkarlıq layihəsinin rəhbəri
Mən Nüşabə Hüseynova, mart ayının 28-i 1981-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat fakültəsini bitirmişəm. 2 övladım var. 1997-ci ildən bu günkü tarixə qədər müxtəlif idarə və təşkilatlarda çalışmışam. İşlədiyim illərdə müşahidə etdiyim hadisələr və insanlar, qazandığım təcrübələr həyatımda olan müsbət dəyişikliklərin, fərqli düşüncələrin inkişafı üçün faydalı olmuşdur. Həyat təcrübəmdə qarşılaşdığım hadisələrdə həssas qrupa aid olan qadınlar və onların övladlarının maddi və mənəvi vəziyyətlərinin yaxşılaşması üçün “nə edə bilərəm”, “cəmiyyətə və insanlara necə faydalı ola bilərəm” düşüncəsi məni illər sonra faydalı olmağı həyat missiyası seçən fədakar xanımlarla qarşılaşdırdı. Ümumi sosial dəyərlərimiz bizləri bir araya gətirdi. Ətrafım düşünən və düşünərək inkişaf edən, faydalı olduqca xoşbəxt və dəyərli olduğunun fərqində olan və bu fərqindəliyi ətrafına çatdıran xeyirxah insanlarla zənginləşdi. Fitrətimizdə olan xeyirxahlıq bizi insanları düşünməyə, faydalı olmağa yönləndirir. Faydalı insan insanlara yardıma və köməyə can atan insandır. Ən böyük əxlaqi vəzifəmiz qəlbini xeyirxahlığa öyrətmək və başqalarını da buna təlqin etməkdən ibarətdir. Yaxşılıq tək özünə və ailənə etdiyin yaxşılıqdan ibarət deyil, yaxşılıq ətrafında olan insanlara yaxşılıq edib onları düşünmək, ətraf mühit və cəmiyyət üçün qalıcı işlər görməkdən ibarətdir. Yaxşılıq və xeyirxahlıq edən insan daima yaxşılıq tapar və onun ətrafını hər zaman xeyirxah insanlar əhatə edər. Həyatda fədakar insanlar olmasa yer üzündə balans pozular, yaşamaq çətin və mənasız olardı. Bu səbəbdən Quranda Allah bizi daima ayələri vasitəsilə yaxşılığı əmr edib pisliklərdən çəkindirməyə, sosial ibadətə, rifaha və gözəlliyə dəvət edir. İnancımız bizə ümid verib ayaqda saxlayan, başqalarına yardım etməyə şövq edən ən böyük nemətimizdir. “Cığır” İB-də könüllü kimi fəaliyyətə başladığım müddətdən birliyimizin qeydiyyatında olan həssas qrupa aid aztəminatlı dul xanımlarla çalışdıqca onların problemləri ilə daha yaxından tanış olub mövcud olan problemlərin həllini hədəf alaraq birliyimiz tərəfindən müxtəlif sosial layihələr təşkil etdik. Dul xanımların cəmiyyətdə sosial məsuliyyət və aktivliklərinin artırılması istiqamətində maarifləndirici təlimlər və seminarlar təşkil edərək onların da gələcəkdə sosial sahibkar kimi fəaliyyət göstərməsi üçün müxtəlif yardım və köməkliklər edilir. “Cığır” İB olaraq qeydiyyatımızda olan dul xanımların müxtəlif peşə sahələrinə və işlərə yönləndirilməsini həyata keçirməklə daim onlara dəstək olmağa çalışırıq. Birliyimizin qeydiyyatında olan 10-a yaxın dul xanım artıq sosial sahibkar kimi fəaliyyətə başlayıb, bu istiqamətdə onlara müxtəlif maddi-mənəvi dəstəklər olunur, onların hazırladıqları məhsulların təqdimat və satışı müxtəlif sərgilərdə Birliyimiz tərəfindən təşkil olunur. İnanırıq ki, qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin inkişafına bütövlüklə müsbət təsir edəcək. Sosial dəyərimiz gördüyümüz işlərin keyfiyyətliliyi və davamlılığı ilə yaddaşlarda qalır. Daha çox insanlara faydalı olmağı niyyətlənərək 2019-cu ildə çox az bir vəsaitlə “Amber saop” adlı sosial sahibkarlıq layihəmizi həyata keçirməyə niyyətləndik. Dekorativ, ətirli sabunların hazırlanmasına başladıq. Layihənin fəaliyyət istiqamətlərindən biri də bu layihəyə daha çox əmanət və könüllü tələbələrin cəlb edilməsi və onların sosial aktivliklərə qoşulmalarına dəstək olmaq idi. Birlikdə hazırladığımız məhsullar və könüllü fəaliyyətlərimiz tələbələrin iş təcrübəsi qazanmaları üçün faydalı başlanğıc, daimi iş yerinin olması üçün onlara bir fürsət oldu. Birlikdə çalışdığımız könüllü tələbələrdən artıq sosial sahibkar kimi fəaliyyətə başlayanlar da var. Gənc əmanət qızlarımızla birlikdə fərqli, kreativ sabunlar bişirib sərgilərdə satışını təşkil etməklə ətrafımıza daha çox fədakar insanları cəlb etməyə, maarifləndirməyə çalışdıq. Əldə etdiyimiz mənfəəti ilk növbədə sosial məqsədlərimizə çatmaq üçün istifadə etməyə yönləndirdik. Sosial sahibkarlığın uğuru çox zaman əldə edilən gəlirlə deyil, sosial missiyanın nə dərəcədə müvəffəqiyyətlə yerinə yetirilməsi ilə ölçülür. Bu yolda çətinliklərimiz oldu. Yaranan çətinliklər məqsədimizə çatmaq üçün maneə yox, bizim üçün bir təcrübə olur. Hər çətinlikdən sonra fərqli və daha təcrübəli olduğumuza şahid oluruq. Sosial sahibkar tək olmaqla deyil, ətrafında ona dəstək olan, ona inanan, faydalı işlər görmək istəyən insanların köməyi ilə müvəffəq olan insanlardır. Pozitiv, fədakar, yaradıcı təfəkkürü olan könüllü komandamızın olması hər zaman işlərimizin keyfiyyətli və zövqlü təşkil olunmasına müsbət təsir göstərir. Başqalarının uğur qazanmasına kömək etməklə insan öz inkişafına şahid olur və bu proses insana daha çox faydalı işlər görməyə stimul verir. Sosial təşəbbüskarlıq sosial dəyişikliyi stimulaşdırır və effektli təsir göstərir. Biz də “Cığır” İB olaraq inanırıq ki, başladığımız bu yolda sosial təşəbbüskarlığımızı daha da artıracaq, gələcəkdə ətraf mühitin qayğısına qalan, cəmiyyətdə yaranan problemlərə innovativ həll yolları axtaran, sağlam düşüncəli, xeyirxah insanlarla, sosial sahibkarlarla ölkəmiz zənginləşəcək və daha gözəl gələcək üçün birlikdə müxtəlif sosial sahibkarlıq layihələri həyata keçirəcəyik.