top of page
bandicam 2022-11-09 19-05-50-975.jpg

Rəfiqə Nurullayeva

photo_5449430041487328069_y_edited.jpg

Rəfiqə Nurullayeva "Cığır" MDİD İB-nin sosial sahibkarlıq layihələri üzrə menecer

 

Bismillah... “Sosial sahibkar kimdir?” soruşsanız “bu anlayışa gedən bir yolçuyam” deyərdim. Ətrafımda baş verən hadisələri, insanları sözlə ifadə etməyə çətinlik çəkirəm... Amma burda öyrəndiyim ən vacib məqsəd- “bacaracağam, alınacaq”... Hər şey burdan başladı... Axtarışda idim... Suallarım vardı... Mən kiməm? Nə üçün varam? Həyat ancaq düz xətt üzərindədirmi? Yaxşılıq ancaq maddiyyatlamı ölçülür? Mütləq öyrənmək istədiyinə doğru yol vardır, sıxıntın dərinləşdikcə sənə doğru əl uzandığını görəcəksən, amma o anda anlamırsan əlin harda, necə olduğunu... Zaman ötdükcə hadisələr çoxalır, ruhunun dəyişildiyini hiss edirsən, bəlkə, dəyişiklik deyildir, sükunətə doğru gedən yolu tapmağının verdiyi rahatlıqdır... Bu yolu mən tapmışam, yoxsa yol gedənlər məni də bu yolçuluğa qəbul ediblər... Sadəcə susuram və müşahidə edirəm... Günlər, aylar keçir... Mənim əhvalım tez-tez dəyişir, lakin yolçular dayanmır, sonu görünməz bu yolda irəliləyirlər... Həm də eyni düz yolu getmirlər... Hər dəfəsində çökəkliklər ilə qarşılaşırlar, amma bunu bildirməməyə çalışırlar... Sual vermək istəyirəm hər dəfə: Niyə? Nə üçün? Nə vaxta kimi? Bəzən bu yolda yolçu olmaqdan qaçıram, lakin onlar dayanmır... Yolçuların sədaqətli dostları var və bu dostlarla ünsiyyətlər gördüyüm ən gözəl münasibətlərdəndir... Qışı qarı ilə, payızı yağışı ilə, yazı qoxusu ilə, yayı günəşi ilə sevirlər... Xəbər gətirən ən sadiq dostları küləkdir... Yolumuz getdikcə uzanır. “Deyəsən, sonunu düşünən yoxdur”,- deyirlər. Onda bu yolun əhəmiyyəti, özəlliyə yox olar... Yolçulara "fədai" deyirəm həmişə, amma düşüncələrimi də nə etiraf etməyə fürsət qoyurlar, nə də ehtiyac duyurlar... Maraqlıdır hardan motivasiya olurlar? Sıxıntılarını gizlətsələr də onların üzərinə gedirlər... Qorxularını düşünürlər... Qorxularını danışırlar... Qorxduqları üçün danışmırlar, necə dəf edəcəklərini birlikdə müzakirə edirlər... Bu yol uzundur... Qarşıda heç düşünməzdim ki, mənim də qorxumun üzərinə birlikdə gedəcəyik və mən bunu bacaracağam... Bəli, bacardıq... İndi izah etməyə çətinlik çəkirəm, bəlkə, qarşıda deyərəm ... Çox çətindir hisslərini ifadə etmək, sevə bilmək, güvənə bilmək, inanmaq... Lakin bu yolçuların yaşam dəyərləri bunun üzərində qurulub. İnsanları sevə bilirlər... Xeyirxah qəlbi olan insanlara güvənmək yolçuların ən böyük dəyəridir... Əmanətlərinə sahib çıxmağı özlərinə vəzifə bilirlər... Bəli, vəzifə..! Bunu belə adlandıraq- yolçuların sosial məsuliyyətləri var. Gördükləri problemi çevik qərarla həll etməyə çalışırlar. Xırda, az resurs ilə problemin həlli yoluna başlayırlar. Maksimum şəkildə işlərini yerinə yetirirlər... Deyəcəksiniz: “Bəs nəticə?” Nəticənin kəmiyyət dərəcəsi heç vaxt öncəlik olmayıb. Hər daim gedilən yolun ədalətli, şəffaf, sevgi dolu, möhkəm ünsiyyət, ülfət bağlarının yaradılması, ümid, inam dolu olması əsas məqsəd olub. Əsas bu yolçular problemin ətrafına mənəvi dəyərləri ilə toplaşırlar... Problemin iştirakçıları təyin olunur, araşdırılır, həll yolu üçün əldə olan resurslar dəyərləndirilir. Hər kəs öz vəzifəsini alır... Önəmli qanun-“bacarmıram” söyləmək olmaz... Çünki bu problem sosialdır və hər bir vətəndaşın bunun çözümü üçün düşünmək vətəndaşlıq borcudur. Bəli, mən də bilmirdim belə əhəmiyyətli dəyərlərə sahib olmaq bizi insan edən ünsürlərdənmiş... Beləliklə, yaxşılığın maddiyyatla ölçülmədiyini ilk dəfə sosial problem həllində iştirak edəndə öyrəndim... Hələ tələbə idim, öz bacarıqlarımdan xəbərsiz idim... Hər sosial layihə mənim özüm haqqımda düşüncələrimi də çaşdırırdı... Hər kim bacarmıram desə anında müdaxilə olunub bacarıqlarını görə bilmək üçün şərait yaradılırdı, səmimi sözlər insanın özünə qarşı dəyərini artırırdı... Yolçu tez-tez xatırlatma edirdi: “İnsanlığın ən özəl dəyərlərindən biri də məsuliyyətdir. İnsan doğulduğu ailədə, yaşadığı cəmiyyətdə, qurduğu dostluqlarda, etdiyi çıxışlarda, hər addımda bunların məsuliyyətini bilməli və bunu davamlı qorumaq üçün zəhmət çəkməlidir. Çünki rəhmətə gedən yol zəhmətdən keçir. Ana rahimdən bu rahimə əziyyətlə, sıxıntı ilə gəldik... Bu yol bitmir... O biri rahimdə də doğula bilmək üçün sıxıntılarımıza nemət kimi baxmalıyıq. Sıxıntılar bizi yetişdirir, inkişaf etdirir... Axtardığımız həllə doğru yolu getmək üçün çalışırıq, cəhd edirik... Cəhdlərimiz də zəhmətlə fəaliyyətə keçir... İnsanı xoşbəxt edən onun məsul olduğu hər hansı bir vəzifənin olmasıdır... Məsuliyyət insanı qaranlıqdan işığa aparır... Mən ailə məsuliyyətlərimi yetərincə qoruyub həyata keçirirdim... Lakin yenə nəsə çatmırdı, axtarışda idim... Şəxsi inkişaf məni xoşbəxt etmirdi, bacarmırdım, irəliləyə bilmirdim... İlk sosial layihədə məsuliyyətim əmanətləri qorumaq idi... Onların sevinməsi üçün əlimizdən gələni edirdik...Əmanətlər hədiyyələrdən daha çox onlarla olan söhbətimizdən, oyunlarımızdan, onlara olan özəl qayğıdan xoşbəxt olurdular... Saatlar keçirdi... Sosial layihə sonuna yaxınlaşdıqca məyusluq duyğuları məni üzürdü.. İçimdən bir səs: “Heç bitməsin”,- deyirdi. Tutunduğum duyğu tapmışdım. Mehriban insan mənə demişdi: “Sənin ən böyük yaxşılığın insanlara təbəssümündür”. Mənim gülüşümün ən bərrak anı əmanətlərlə olan anlar idi. Çünki onların gözündə özümü izləyirdim. O yaşda axtardığım sevinci onlara yaşatmağa çalışırdım, ən azından cəhd edirdim. Çünki yolçulardan bunu öyrənmişdim- Məsuliyyət, əminlik səni istədiyin yerə aparacaq. Əminlik hansı döngədən dönməli olduğunu, hansı səkidə durmalı olduğunu hiss etdirəcək. İnsanlığa gedən yol əziz yolçu, xeyirxah qəlbinlə, məsuliyyət və əminliklə formalaşır... Hər layihə sonu hesabat görüşləri olurdu... İlk vaxtlarda sadəcə müşahidə edirdim və çox təəccüblənirdim.. Yaranan xətalardan baş verən çətinliklərdə verilən çevik qərarların fərqli nəticələrinin təhlili, yolçuların şəxsiyyətlərini, işlərini sorğu-sual edib hesabat hazırlamaqları məni düşündürürdü... Nə olur olsun, xeyir adına hər addım dəyərlidir. Hər insan qəlbi Allahın evidir... Qəlb evinə kimləri qonaq edirsən, ey yolçu! Buna uyğun yolun bəlirlənir... Sənin var oluşuna forma verən qəlb düşüncələrindir.. Yolçu deyərdi: “Gözəl düşünün, gözəl danışın, gözəl şeylərdən verin, gözəl baxın ki, qəlb evinizin sakinləri sükunət tapsın. İlahi qonaqlarınız sakinə çevrilsin... Nə gözəl lütf olar- xeyir adına yarışanlardan qəlb evinin sakininə çevrilər... Kimdir sənin qonaqların? Nədir məşğuliyyətləri? Təmənnasız yorulmadan yaxşılıq edərlər. Sakini olmaq istədiyin evində dəyərlərini öyrənmək və qorumaq lazımdır... Səni sən edən şəxsi dəyərindir, lakin səni insan edən sosial dəyərlərindir. Yolçu tez-tez xatırladır: “Heç düşünməzmisiniz? İlahi kəlmədir- düşünmək üçün oxumaq lazımdır... Ətrafı, insanları, kitabları, baxanda görə bildiyin hər şeyi... Düşünmək, analiz etmək getdiyimiz yolda addım sürətimizi təyin edir... İndi sən! Əziz yolçu, özün seç. Kimlə, hansı yolu, niyə getmək istəyirsən? Bir qanun var- getdiyin yolda xeyirxah, əmin, məsuliyyətli olacaqsan, yoxsa bu döngəli yollarda azacaqsan.... Fitrətinə dön. Niyə varsan? Sən kimsən? Atanın belindən doğulur insan, mübarizə ilə ana rahimə gəlir, sıxıntı ilə dünyaya göz açır. Bu qədər keçdiyin yolda niyə yaşayırsan, əziz yolçu?!.. Əlbəttə, hər kəsin dəyəri onun seçdiyi yol ilə təyin olunur. İctimai yolda irəliləmək üçün sosial problemlərin işığına toplaşmaq lazımdır, çünki bu yolda önəmli prinsip vəhdət şəkilini ala bilməkdir. Nədir vəhdət? Hansı yola ictimai yol deyilir? Hansı sosial problemin işığına gedirsən... Bəli, sosial problem bizim həyat səhifəmizə işıqdır. Hər kəsin düşüncəsində işıq anlayışı fərqlidir. Mən işığa gündüzlərin aydınlığı kimi baxa bilmirəm. Yolda şahid oldum ki, işıq sonsuzluqdur. Sonu görünməz vizyona doğru gedən yoldur. Bu işıq həmişə parlamır, ya da işıltısı göz qamaşdırır... Bu yolun qanunlarından biri də təfəkkürdür... Addımlar sürətlənir, artıq zamana sığa bilmirik.. Suallar çoxalır, cavablar uzanır... Hər gün yeni bir şey öyrənirəm. Öyrəndiklərinin ən yadda qalanları yaşadıqlarından olur. Dərinlərdə hiss etdiklərini xatırlamaq, onu ifadə etmək öyrəndiyin dərslərdən biridir, bəlkə... Yolçu tez-tez xatırladır öyrəndiyini öyrətmək insanlığın ən ümdə məktəbidir... Bu məktəbin sakini olmaq asan deyil. Çox insan paylaşa bilmir, ya da bacarmır, lakin bu yolun özəl qanunu var, özündən sonra sonu bilinməz bu yolu davam etdirəcək yolçu yetişdirməliyik. Bizi biz edən dəyərlərdən də biri də budur. Düşünün... Qaranlıq gecəni əl çatmaz edən onun sonsuz ulduzlara malik olmasıdır. Çox insana yoldaşdır gecələr, çox sınıq qəlblərə sirdaşdır gecələr. Güvəniləcək dostdur gecələr. Dostumuz külək də gecələr fərqli əsir elə bil. Sanki külək də səssizcə nələrinsə axtarışındadır. Sanki külək gecə dostlarının yüklərinin ağırlığını yüngülləşdirmək istəyir... Yolçuların yolunu gecəyə bənzədirəm...Yolçuları ulduzlara. Heç kim bir-birindən seçilmir. Lakin hər ulduz kimi hər yolçunun işığı bənzərsiz və əlçatmazdır... Hər yolçu bağlı qapılara açardır... Qapı- qəlblər demək istədim. Ancaq baxışlarla danışan insanlarla rastlaşırıq yolumuzda. Yolçular hansı açarı harda istifadə edəcəyini bilirlər... Bizim açarımız sevgi, mərhəmət, şəfqət, əzm, cəsarət... Hələ neçəsini yaza bilərəm, amma izah etməyə çətinlik çəkirəm. Duyğuları izah etməkdən başqa çətinlik bilmirəm... Bu yolda həm bağlı qapı, həm də yolçu olma imkanı vardır... Seçimlər insanın öz əlindədir. Bu yolda şəxsi inkişaf ən sadəsidir, buranı özəl edən bu deyildir. Bu yolun özəlliyi insanlığa xidmət etməsidir. Mənəvi dəyərləri qorumaqdır... Yıxılanı əlindən tutub aparmaqdır... Birlikdə gülüb birlikdə ağlaya bilməkdir.. İctimai problemlərə birlikdə həll tapma cəhdinin yoludur bu yol. Tələbə olduğumdan bir çox layihələrdə könüllü olmuşam. İxtisasımızın mütəxəssisi olmaq üçün könüllü olmaq çox vacibdir... Lakin könüllü olmağın insana qatdığı dəyərlər fərqlidir. Cəmiyyətə faydalı olan layihələrin bir parçası olmaq, fəaliyyətinlə faydalı olmaq duyğusu bir gənc kimi insana böyük motivasiya verir. Həyatda dəyərli olduğunu hiss etdirəcək anların səbəbi olur könüllülük fəaliyyəti... Könüllülük bir çox suallara cavab ala bilməkdir... Həyatda çətinlik də yaşaya bilmək təcrübəsi olan insanların əzminə şahid olmaq fürsətidir... Qarşılaşdığımız problemlərin qarşısında dura bilmək əzmi verir. Müqayisə edib nəticələndirmək və geri dönüş etməmək iradənin yaranmağına səbəb olur. Ümumiyyətlə, könüllü olduqda daxili potensialımızı kəşf edirik və ya kəşf olunuruq, bacarıqlarmız formalaşır. Bununla problemlərlə rastlaşırıq, bunların öhdəsindən gələ bilmək üçün cəhdlər edirik, araşdırırıq və öyrənirik. Hər yeni öyrəndiyimizi tətbiq etmək bizi yetişdirən amillərdən biridir. Təcrübəmdə könüllü fəaliyyətlərinin layihələrə görə müddəti dəyişir. Amma bu yolçuların könüllülüyündə zamanlama yoxdur. Dəyişən yollardır, könüllülük prinsipi bu yolun təməlidir. “Cığır” MDİD İB 2015-ci ildən həssas qrup nümayəndələrinə dəstək olur. Artıq 3 ildir ki, birlikdə müxtəlif layihələrdə faəliyyət göstərirəm. Könüllü olduğum müddətdə təcrübəm artıb yeni biliklər öyrənmişəm. Cəmiyyətdə xeyir adına bir araya gələn könüllülərdən ibarət olan bu birlik sosial-ictimai problemlərin həllində təşəkkür gözləmədən fəaliyyət göstərir. Azərbaycan xanımları olaraq milli-mənəvi dəyərləri özlərində əks etdirən nümunədirlər. Vətəni, xalqı üçün çalışan yeraltı sudurlar. Xalqın inkişaf etməsi üçün insanlar birlik olub sosial problemləri həll etməlidirlər. Daim etdiyimiz işin irəliləməsi məqsəd olmalıdır. “Cığır” İB-nin gördüyü işlər təqdirəlayiqdir. Biz gənclərə sosial məsuliyyəti aşılayan xanımlar səs salmadan çox qəlblərə iz salıblar. Potensialını gerçəkləşdirməyə çalışan gənc kimi mənim ilgimi çəkən könüllü xanımların yuxusuz gecələri, Allah rızası üçün növbəli sistemlə xeyir adına yarışmalarıdır. Əzmləri, cəhdləri sayəsində 2000-dən çox atası dünyası dəyişən uşaqları öz işıqlarına toplaya biliblər. Heç bir təşəkkür gözləmədən, yıxılaraq, çətinliklərə sinə gələrək öz qeyrətləri ilə bir ovuc xanım bu yolun yolçularıdır. “Fədakarlığı təsvir edin”,-desəniz xanımların hekayələrini danışaram. Elmləri, fiziki gücləri, zamanları, var olduqları hər bir şeyləri xeyir adına istifadə edirlər. Sosial sahibkarlığın təməlində sosial məsuliyyət, fədakarlıq dayanır. Birliyin sütunları bu dəyərlər üzərində qurulub. Qəlblərdə inşa etdikləri yerləri sevgi, mərhəməti əks etdirir. Mən günəş qızıyam... Hər zaman günəş kimi işıq saçmaq istədim... Lakin onlar mənə qaranlıqda işıq olmağı öyrətdilər...Yolçuluqda yol almaq ümidi ilə...

bottom of page