top of page
bandicam 2022-11-09 19-05-50-975.jpg

Sima Orucova

DSC01145_edited.jpg

Sima Orucova Qida sektoru üzrə sosial sahibkar

 

Mən Orucova Sima Arif qızı, Gürcüstanın Rustavi şəhərində anadan olmuşam. 3 yaşım olanda ailəm Bakıya köçüb. Kasıb, lakin sevgi dolu ailəm olub. Məndən böyük bir qardaşım var. Atama bağlı olmuşam, atam mənim dostum, sirdaşım, mənə ən yaxın insan olub. Sevgini, mərhəməti, uşaqlara sevgini atamdan öyrənmişəm. Mənim həyatımda örnək aldığım atamdır, onu çox sevirəm. 2006-cı ildə məktəbi bitirib saç ustalığı öyrənmişəm. Amma ən çox sevdiyim sənət dərzilik olub. 2009- cu ildə ailə həyatı qurmuşam, 2 övladım var. Aydan və Fərid. Qızım 7-ci, oğlum 4-cü sinifdə oxuyur. Oğlum DMD (Miopatiya Duchenne Muskuler Distrofe) əzələ zəifliyi xəstəliyindən əziyyət çəkir. Xəstəlikdən 2018-ci ildə xəbərdar olmuşuq, hal-hazırda yeriyə bilmir. Azərbaycanda bu xəstəliklə mübarizə aparıb DMD ailələr dərnəyi qurmağa çalışırıq, çünki bu xəstəliyi bir çox insan tanımır. 2016-cı ildə bir imtahan yaşadım. Mənə atılan iftira ilə sarsıldım, ətrafımdakı insanlar dəyişdi, fərqli mühit formalaşdı. Zahirdə zərərimə olan hadisə həyatımı başqa istiqamətə yönəltdi. Üstəlik o ərəfədə, yəni 2016-cı ildə mənə həyatı sevdirən insanı- atamı itirdim. O zaman yanımda mənəvi dayaq olan sosial bacılarım vardı. “Cığır”ı da elə o zaman tanıdım. “Cığır” mənə qadınların qüvvətli olduğunu öyrətdi, ona görə də DMDnin təsisçisi olmağa müvəffəq oldum. Biz iradəli olub, uşaqlarımızın səsi olacaq, onlar üçün mübarizə aparacağıq. Əminəm. “Cığır” əmanətlərinə dəstək üçün əlimdən gələni edirəm. Onların təhsilində dəstək olsun deyə, dul qadınlar, könüllü xanımlar ilə gürcü xəngəli, gürzə edirik. (Xəmir xörəklərlə bağlı bəzi fərqli ideyalarım da var.) Yayda qışlıq bankalar hazırlayıb satışını təşkil edirik. ( turşular, yeməklər, mürəbbələr) Qışlıq banka edəndə ən çox bazarlarda dolaşıb, oradakı insanlara məqsədimiz, sosial məsuliyyətimiz haqqında məlumat veririk. Onların da bizə canlabaşla necə yardım etdiklərinin şahidi olmuşam. Qəlbində mərhəmət hissi olan, yaxşılıq etməyə can atan bazar satıcılarını görəndə sevginin necə gözəl yaşandığına, hər qəlbdə bir mərhəmət olduğuna şahid oluruq. Sevimli "Mülk” sosial sahibkarlıq mağazası mənə tərəzini, səliqəliyi, nizamı öyrətdi. "Mülk" mənim evim, "Cığır" ailəm oldu.

bottom of page