top of page
bandicam 2022-11-09 19-05-50-975.jpg

Yeganə Hüseynova

Yeganə Hüseynova “Mülk” ilk sosial sahibkarlıq mağazasının rəhbəri

 

Sosial sahibkar olaraq yaradılan insanın ünsiyyətə, ictimai fəaliyyətə, ətrafa faydalı olmağa ehtiyacı var. İnsanın dəyəri faydalılığı nisbətində ölçülür. İçimizdəki ilahi nuru, xəzinəni aşkara çıxarmaq üçün sosiallaşmağa məcburuq. Sosiallaşmaq insanın cəmiyyətə adaptasiyası deməkdir, başqa sözlə, insanın fəal vətəndaş, bir şəxsiyyət kimi formalaşma prosesidir. Buna həyat təcrübəmdə bir daha əmin oldum və sizinlə bölüşmək istədim. “Cığır”a yolum düşənə qədər fərdi ibadətimlə məşğul olan, ailə üzvlərindən ibarət kiçik bir dünyam olan, maddi cəhətdən təmin olunmuş passiv müsəlman olaraq yaşayırdım. Zahirən hər şey qaydasında, xoşbəxt bir ailə tablosu kimi görünsə də içəridə nələrinsə çatışmadığı, hüzur əskikliyi hakim idi. Hüzursuzluq, mənəvi sıxıntı həyatın düzgün axarda getmədiyinə dəlildir. 4 il əvvəl “Cığır”la və buradakı təmənnasız yaxşılıq naminə bir araya gələn səmimi insanlarla tanışlıq hadisələrə yeni bir prizmadan baxmağıma səbəb oldu. Anladım ki, insan özünü təkcə ailəsinə həsr edəcək qədər zəif biri deyil. Anladım ki, sahib olduğumuz hər şeyin geri dönüşü olmalı, kiməsə toxum olmalı, qazandığımız təcrübə və bilikləri insanlara geri verməliyik. İnsanlara sevgi vermədən sevgi gözləmək, xoşbəxt etmədən xoşbəxt olmağın qeyri-mümkün olduğuna əmin oldum. Özümüzə qapanıb öz-özümüzlə məşğul olduğumuz zaman içimizdəki küləyin bütün qüsurlarımızı ortaya qoymasına, nəyin üstündə əsiriksə, onunla da sınandığımıza şahid oldum və bu düşüncələrdən yola çıxaraq “Mülk” ilk sosial sahibkarlıq mağazasında könüllü fəaliyyətə başladım. Və bununla həyatımda yeni dönəmə qədəm qoydum. Sosial məsuliyyətin bir dəyər olduğunu, başqalarına dəyər verdikcə dəyər qazandığını, yaşama səbəbimizin qayğılarımızı həll etmək deyil, qəlblərdə sevgini üzə çıxarmaq, Allaha yer etmək olduğunun fərqinə vardım. Həqiqətən, “Cığır”da başqalarını düşünməyi bacaran, əzmlə, əminliklə dirəniş göstərərək bir komanda şəklində çalışan insanların sosial fəaliyyətləri insanlığa bir nümunədir. Bu komanda ilə birgə çalışmaq isə insana sosial kimliyinin fərqində olaraq rutin məişət həyatını sosial ibadətlə əvəzləməyə və beləliklə, rifaha çatmağa, ətrafa gözəlliyi, sülhü yaymağa şərait yaradır.

bottom of page